Ziza və Edi

Ziza və Edi

Bir uzaq qəsəbədə, kənar küçələrin birinin ətrafında yol boyu sıra ilə düzülmüş gözə çarpan çoxlu hündür fənərlər var idi. Bu fənərlər gecə evinə gec qayıdanların yolunu işıqlandırır, insanlara yol açırdı. Fənərlərin hər biri o birilərindən daha gözəl idi, onların işığı göz qamaşdırırdı.

Bu fənərlər beləcə gözəl olsun, amma mən onlardan danışmayacağam. Deməli, bu fənərlər insanlara kömək etdiyi halda, yolun qırağında ardıcıllığı öz kölgəsi ilə pozan, oradan keçən insanların təəcübünə səbəb olan Edi adlı digər bir fənər də var idi. Biz yaxşı bilirik ki, fənər işıq saçıb gecə yolla tənha gedənlərin yoluna işıq salmalıdır, amma Edi bunu nə qədər etmək istəsə də edə bilmirdi çünki onun lampası sınıq idi. Bu məhdudiyyət Edini çox kövrəldirdi və o, inanırdı ki, oradan keçənləri də onun işıq saçmaması kövrəldir. Gecə qarovulçusu fənərləri sıra ilə yandıranda onun yanından sakitcə keçirdi. Ediyə qalan isə başqa fənərlərin necə gözəl işıq saçıb səmanın gözəlliyini tamamlamasına baxmaq idi. Onun ətrafındakı fənərlər isə ona belə deyirdilər:

-Sənə görə biz xəcalət çəkirik, sənə görə bizim küçəyə heç kəs gecə gəzintisinə gəlmir, gecə evinə gedənlər yolunu bizim küçədən salmırlar, sən insanlara heç bir xeyir vermirsən.

-Çıx get bizim yanımızdan! Biz sənə görə hər gecə utanırıq.

-Sən bizə tay ola bilməzsən. Bir bizə bax, göyü sanki bizim işığımız nura qərq edir.

-Bizə bax, özünə bax. Sən özünü bizə yoldaş sanma.

-Biz insanlara xeyir veririk, onların yolunu işıqlandırırıq, gecə vaxtı onların tez evlərinə gedib çatmaqlarına kömək edirik. Amma sən onların getməyinə mane olursan, görkəmin ilə onların kefini pozursan, üstəlik küçəmiz sənə görə çirkin görsənir!

Fənərlərin bu sözləri Edini kövrəldirdi və ruhdan salırdı.

Həmin müddətdə isə göydə ulduzlar da par-par parıldayırdılar. Birdən göy üzünə yavaş-yavaş bir ulduz çıxmağa başladı, bu ulduzun adı Ziza idi. Onun bir ayağı şikəst idi deyə, hər dəfə ulduzlar göyə qalxıb yerə tamaşa edəndə o, tez çata bilməyib gecikirdi və hər gecə göy üzünə çıxmağa tələsən Ziza yoldaşlarının danlağını, tənbehini eşidirdi:

-Eee, səni nə qədər gözləmək olar axı! Sənə görə biz diqqətlə baxa bilmirik yerə.

-Sənə görə göy həmişə qaranlıqdır. Sənin əlindən day neynəyək bilmirik.

-Sənə görə utanmaqdan, xəcalət çəkməkdən bezmişik. Çıx get daha!

Bu sözləri eşidən Ziza kövrəlib başını aşağı saldı və Ediyə deyilən sözləri eşitdi. Fənərlər Ediyə baxıb gülür, onu ələ salır və hətta hərdən “Sənə bu da azdır. Qüsurlulara yox deyək! Gör bir nə yaxşı iş görüb küçəmizi işıqlandırmayanlardan təmizləyirik” – deyə özləri ilə fəxr edirdilər. Ziza dərindən nəfəs alıb dedi: “Bu fənər də mənim kimi məhdudiyyətlidir. Onu da mənim kimi ələ salıb, lağa qoyurlar. ”

O tez özünü qırıq fənərin yanına çatdırıb onun başının üstündə durdu. Zizanın işığı çox parlaq idi. O, göydəki ulduzların ən parlağı, ən gözəli idi. Ziza Edinin başının üstündə durub ətrafa elə işıq saçırdı ki, digər fənərlərin gözləri qamaşırdı. Beləcə Ziza öz nurunun yarısını təmənnasız olaraq Ediyə verdi. Onlar dostlaşdılar, bir-birilərinə sirdaş oldular. Başqa fənər və ulduzların onlara paxıllığı tutsa da dostlar heç kəsə fikir vermədən gecələr küçəni işqlandırıb insanlara xeyir verirdilər.

Dostlar – Ziza və Edi ən parlaq ulduz və ən parlaq fənər olsalar da digər ulduz və fənərlərə yuxarıdan aşağı baxmırdılar, özlərini öymürdülər çünki bilirdilər ki,

Əlillik əngəl deyil və əngəllilər də faydalı iş görə bilərlər!!!

Müəllif: DunayZakir (Mahmudova Dunay) 13 yaş

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Əngəlsiz düşüncə dünyanı xilas edəcək
Muradın Həyat Eşqi
İbişin son sözü
Ovçuluğu Sevən Sima
Muradın Həyat Eşqi
İbişin son sözü
Ovçuluğu Sevən Sima