“Yaşamaq yanğısı”

 

12 yaşım vardı. İki il idi ki, dünya işığından məhrum olmuşdum. Yayı keçirmək üçün əmimin bağ evinə köçmüşdük. Əmim uşaqları və qonşu bağdakı uşaqlar ilə yay günlərimiz şad-xurrəm keçirdi. Səhərdən axşama gah qonşu bağda, gah əmimgilin bağında oynayırdıq.

Hər iki bağ bir-birindən hündür daş hasar ilə ayrılırdı. O hasar evləri, ailələri ayırsa da, qol-budaq atıb qucaqlaşan ağaclara, qayğısız uşaqlara, bir də mənim yaşamaq eşqimə çəpər ola bilməmişdi.

Hasarın qapısı olmadığına görə hər iki tərəfdən üz üzə iki nərdivan qoyulmuşdu. Uşaqlar bu nərdivanlar ilə bağdan bağa atlayar, hasarın dibində boy atmış ağacların meyvələrindən dərərdilər. Təkcə mən gözlərim görmədiyi üçün nərdivanı çıxa bilmirdim. Həmişə uşaqlardan biri məni həyət qapısından keçirib digər bağa aparardı.

İçimdə qarşısı alınmaz bir hiss baş qaldırırdı. Bu hissi Kim isə əzmkarlıq, kim isə həyat eşqi adlandıra bilər. Mənə isə elə gəlir ki, bu duyğu yaşamaq yanğısıdır.

Bir gün sübh çağı hamının yuxuda olduğunu düşündüyüm bir vaxtda əllərimi hasara sürtə-sürtə nərdivanı tapdım və qorxu içində çıxmağa başladım. Sən demə, fərəhdən böyüyüb sevinclə parıldayan bir cüt göz bütün hərəkətlərimi izləyirmiş.

Hasara dırmaşıb digər nərdivanla qonşu bağa düşdüm. Artıq qorxunun yerini bacarmaq hissi almışdı. Vaxt itirmədən gəldiyim yolla geri qayıtdım. Öz bağımıza düşməyə iki addım qalmışdı ki, özümü havada, atamın başı üstündə qələbə bayrağı kimi dalğalanan tapdım.

O gündən sonra iki bağ arasında yolum xeyli qısaldı, uğura aparan yolum da açıldı.

 

Müəllif: Xanoğlan Sadiq

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Möhtəşəm şeylərə cəsarət et. 1-ci hissə
Autizmə Mütəxəssis Yanaşması
Müəllimlər tərəfindən “yaradılan” bullinq
Asperger sindromu
Asperger sindromu