Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!

 

 

 

 

 

16 yaşlı oğlum Məhəmməd Asperger sindromludur. Bir çox insana məlumdur ki, aspergerli uşaqlarda normal göz kontaktı və nitq olduğu üçün bu autizmin daha yüngül forması hesab edilir. Mənim də oğlum vaxtında dil açdı, normal göz kontaktı qurdu və nəticədə asperger sindromu olduğunu çox gec başa düşdük. Davranışında müəyyən dəyişikliklər var idi, bəzi təkrarlanan hərəkətlər edirdi (saatlarla bir yerdə hoppanmaq kimi), ancaq təəssüf ki, uzun müddət müraciət etdiyimiz psixoloq hər şeyin normal olduğunu deyərək bizi arxayın etmişdi.

Digər tərəfdən oğluma çox mənfi təsir göstərən başqa bir səbəb də var idi. Belə ki,  Məhəmmədin 4 yaşı olanda mən ağır xəstəliyə görə müalicə almaq üçün 3 aylıq xaricə getməli oldum. Bu müddət oğlumun gələcək həyatında çox ağır izlər buraxdı və bu ayrılığın travması onun vəziyyətini  daha da ağırlaşdırdı. Təbii ki, skype-la, telefonla əlaqə saxlayırdıq, ancaq bu dörd yaşlı uşaq üçün çox az idi. Sonradan bir çox həkimlər bu travmanın olmayacağı təqdirdə oğlumun normal şəkildə həyatına, məktəbinə davam edə biləcəyini söylədilər.

Oğlumun çox gözəl yaddaşı və riyazi bacarıqları var idi. I sinifdə riyazi hesablamaları yaşıdlarından çox fərqlənirdi. Təəssüf ki, II sinifdə artıq bu bacarıqlar azalmağa başladı və III sinif öncəsi məcburən yenə 10 günlük müalicəyə getməli oldum. Dörd yaşından altı yaşına qədər çox çətinliklə toparlamağa çalışdığımız halda yenə də ağır stress yaşadı və artıq III sinifdən məktəbə getmək onun üçün işgəncəyə çevrildi. Bir tərəfdən anasını itirmək qorxusu, digər tərəfdən isə müəllim və  yoldaşları tərəfindən davranışının anlaşılmaması vəziyyəti daha da ağırlaşdırırdı. III sinfin sonlarında, nəhayət, ona Asperger sindromu diaqnozu qoyuldu. Beləliklə, biz bunu ancaq 8 yaşında öyrənmiş olduq və müalicəsində də xeyli gecikdik. Bildirmək istəyirəm ki, Autizm pozuntularının spesifik bir müalicəsi yoxdur. Ancaq bu uşaqların çoxunda müxtəlif davranış pozğunluqları, aqressiya və s. olduğu zaman dərman müalicəsinə də ehtiyac olur və onların müalicəsində əsas olan professional psixoloji yardımdır. Çünki, Bu uşaqların ən böyük problemi qarşı tərəfin emosiyalarını başa düşməmək və ünsiyyət qura bilməməkdir.

Artıq IV sinifdən etibarən məcburi olaraq evdə təhsilə keçid etdik. Çünki böyüdükcə ona ətrafdakı münasibət də pisləşirdi. Yaşıdları onu qəbul etmir, böyüklər isə oğlumun davranışını ərköyünlük və tərbiyəsizlik kimi qiymətləndirirdilər. Bütün uşaqlar kimi onlar da yaşıdları ilə ünsiyətə ehtiyac duyur. Çox təəssüf ki, onlar fərqli olduqlarına görə yaşıdları tərəfindən qəbul edilmir və incidilirlər. Burada valideynlərin də rolu böyükdür. Valideynlərin öz övladlarına autizm sindromulu uşaqların fərqli olduğunu başa salması, dostluq etməsələr belə, ən azından onları incitməməyi öyrətməsi çox vacibdir. Ümumiyyətlə, cəmiyyət bu uşaqları çox çətin qəbul edir. İctimai yerlərdə, nəqliyyatda autizm sindromlu uşaqlardan fərqli davranış görənlər anlayışla qarşılamaq əvəzinə valideynin  üstünə getməklə vəziyəti daha da ağırlaşdırırlar. Lakin hər şey daha fərqli ola bilərdi və bununla əlaqəli bir xatirəmizi paylaşmaq istəyirəm.

2017-ci ilin aprel ayında Türkiyənin Alanya şəhərində “Autizm Festivalı” keçirildi. Biz də iştirak etdik. Bir həftə müxtəlif ölkələrdən, şəhərlərdən gələn autizmli uşaqlarla valideynlər bir arada olduq. Ortam uşaqlar üçün o qədər gözəl idi ki, uşaqlar, gənclər rahat ola bildikləri üçün valideynlər də çox yaxşı hiss edirdilər. Hamı bir-birini anlayır, 20 yaş üstü gənclərin durduğu yerdə əl çalıb hoppanmaq belə çox adi, normal qarşılanırdı. Bu qədər anlayış göstərilməsi analarımıza öz müsbət təsirini göstərdi və onların sakit, rahat olması uşaqlar üçün çox faydalı oldu.  Beləliklə aydın oldu ki, cəmiyyətin autizm sindromlu uşaqlara mənfi münasibət göstərməsi onlara çox təsir edir. Çünki hər nə qədər emosiyalarını ifadə edə bilməsələr də çox həssasdırlar, hər şeyi çox gözəl görür və hiss edirlər. Autizm spektr pozuntuları olan uşaqların da, onların valideynlərinin də cəmiyyət tərəfindən anlayışla qəbul edilməyə çox böyük ehtiyacı var. Onlara kömək edə bilmiriksə, heç olmasa həyatlarını daha da ağırlaşdırmayaq!

Hekayənin baş qəhrəmanı: Nurməmmədli Məhəmməd

Müəllif: Məlikova Gülbəniz

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Autizmə Mütəxəssis Yanaşması
Müəllimlər tərəfindən “yaradılan” bullinq
"Yaşamaq yanğısı"
Asperger sindromu
"Yaşamaq yanğısı"
Asperger sindromu