Möhtəşəm şeylərə cəsarət et. 1-ci hissə

 

Astronauts in space camp

Bu yaxınlarda Mars planetinə göndərilən Persoverins kəşfiyyat aparatının üzərinə bu sözlər yazılmışdı:”Möhtəşəm şeylərə cəsarət et“. Yer kürəsindən 400 milyon kilometrdən uzaq bir planetə raket göndərmək həqiqətən çox cəsarətli addımdır. Bu həm də elmi-texniki tərəqqinin ən son nümunəsidir deyə düşünürəm. Elm və cəsarətlə qanadlanıb kainatın fəthinə əzm etmiş bəşər övladının ağlına, zəkasına heyran olmamaq sizcə mümkündürmü?

Bu hadisə insanlığın inkişaf tarixində dönüş nöqtəsi, hətta elmi inqilab olmaqla bərabər, insanın ürəkdən istəyəcəyi və əzmlə çalışacağı təqdirdə ən ağlagəlməz və ən əlçatmaz xəyalların belə gerçəyə çevrilə biləcəyinin bariz bir sübutudur. İnsanlığın keçdiyi inkişaf yoluna nəzər salanda oxşar hadisələrə ayrı-ayrı dövrlərdə tamam başqa münasibətdə olduğumuz diqqəti çəkir.

Belə ki, nağıl qəhrəmanı Ələddinin yerdən bir neçə metr yüksəkdən uçan xalçasını əfsanə görən insan 100 illər sonra milyonlarla kilometr uzaqlara uçan aparatı elm adlandırır. Mənim rəğbətimə səbəb olan isə insanlığın ibtidai təxəyyüldən elmi-texniki tərəqqiyə yüksəlməsindən çox, bir insanın öz bacarığı, əzmi, elmi və ən önəmlisi cəsarəti ilə insanlığın təfəkkürünü köklü şəkildə dəyişməyə qadir olmasıdır.

Gələcəyimizi dəyişməyə namizəd olan Mars hadisələri məni uzaq keçmişə, yeniyetmə illərimə apardı. Yaxşı xatırlayıram, o vaxtı bir bazar günü idi. Dostum məni özü ilə çayxanaya aparmışdı. Abituriyent olduğu üçün mənlə təkcə bazar günləri görüşə bilirdi. Tezliklə dostum Aqşinin məşğələ yoldaşları masamıza toplaşdılar. Hamı söhbət edir, hərə bir mövzunun ucundan tutub öz tərəfinə çəkməyə çalışır, dərslərdən, qızlardan, kimin qohumu hansı vəzifədə işləyir kimisindən ən müxtəlif sahələrdən hərarətli söhbətlər gedirdi.

Uşaqlardan biri bibisi oğlunun Qırğızıstandakı Azərbaycan səfirliyində işlədiyini dedi, amma nə qədər fikirləşdisə də, tutduğu vəzifə ağlına gəlmədi. Masadakı uşaqlar Konsul, elçi, diplomat, rusca “posol” sözlərini deyib tapmasına, beləliklə, başqa mövzulara keçməyə şərait yaratmasına kömək edirdilər. Amma nə çarə, bir şeyi tapmağa çalışdınsa nəyin ki, gözünün önündə, beyninin içində də olsa, tapmayacaqsan.

O ana qədər ağzına su alıb oturan mən dilləndim: “Ateşe“. Sanki ağzımdakı buzlu suyu hamısının üzünə püskürtmüş, hamısını həyata qaytarmışdım. İlk dəfə varlığımın fərqinə varan uşaqlar taytuşları olan kor birinin onların ağlına gəlməyən ateşe sözünü bilməsinə Ələddinin xalçası ilə başlarının üstündən uçması kimi reaksiya verdilər. Yeniyetməliyin toyluğu ilə “aa nətəri bildi”, “hardan bildi” ifadələrini işlədir, təəccüblərini göstərirdilər.

Aqşin dostu ilə fəxr edircəsinə “Xanoğlan çox savadlıdı” dedi. Aqşinin məni savadlı təqdim etməsinin səbəbi uşaqların unutduğu sözü mənim bilməyimdən qaynaqlanmırdı. Məktəbə gedə bilməyən, kitab oxuya bilməyən, evə məhkum olan dostunun necə bir şəraitdə və hansı üsullarla bilik qazanmağa çalışmasına yaxından şahid olmasından irəli gəlirdi.

Ardı var…

Müəllif: Xanoğlan Sadiq

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Autizmə Mütəxəssis Yanaşması
Müəllimlər tərəfindən “yaradılan” bullinq
"Yaşamaq yanğısı"
Asperger sindromu
"Yaşamaq yanğısı"
Asperger sindromu