Lazımsız səs əlindəkini itirmək deməkdir

Bəzi uşaqlar normal inkişaf səviyyəsi nümayiş etdirərkən, digərləri autizmin özünü büruzə verdiyi simptomları ilə inkişaf edir. Bunların ikisini də özündə birləşdirənlər isə Aspergerli uşaqlardır. Yəni Aspergerli bir uşaq 50% tipik, 50% isə Autizm sindromludur. Buna görə də bir çox alimlər Aspergeri “yüksək funksionallığa malik  autizm” kimi dəyərləndirirlər.

Aspergerli uşaqların hər birində bu sindrom özünü fərqli şəkildə göstərir . Bununla belə  Aspergerli uşaqlar üçün səciyyəvi olan bir neçə xüsusiyyətlər də var:

  • Uzun müddətli göz təmasından qaçınma;
  • Təkrarlanan söz və hərəkətlər;
  • Sabit hərəkət edən (fırlanan, açılıb-bağlanan, sönüb-yanan) əşyalara qarşı maraq;
  • Çarəsiz vəziyyətdə olduqda qəribə səslər çıxartmaq və ya hərəkətlər etmək;
  • Sosial ünsiyyət bacarıqlarının olmaması;
  • Ani və yüksək səslərdən qorxmaq (mikser, siqnal və s.);
  • Dad və qoxulara qarşı yüksək həssaslıq;

Bu sadəcə mənim saya bildiklərimdir. Əminəm ki, qeyd etdiklərimlə bağlı bu sahədə çalışanların deyəcəyi daha çox söz var. Mən isə yalnız 7 yaşında Aspergerli uşağı olan bir ana kimi yaşadıqlarımızı sizinlə paylaşmaq  istəyirəm.

İlk simptomlar necə başladı?

Oğlumun adı Timurdur, İzmirdə yaşayırıq. Timur normal inkişaf səviyyəsi olan, 1,5 yaşında danışmağa başlamış asperger sindromlu bir uşaqdır. 2 yaşında özü haqqında üçüncü şəxs kimi danışırdı. Məsələn,yorulanda “Timur yoruldu”, küsəndə “Timur küsdü”, “oyuncağım” əvəzinə “oyuncaq”, “papağım” əvəzinə “papaq” deyirdi. Ona öyrətdiklərimi tutuquşu kimi təkrarlayır və nə vaxtsa öz-özünə danışanda da başa düşürdüm ki, bunları sadəcə əzbərləyib (keyfi hərəkət). Heç bir suala cavab vermir, bütün əşyaları üst-üstə düzməyi çox sevirdi. Paltaryuyan maşın işləyəndə onun qabağında oturub uzun müddət ona baxırdı (monoton hərəkətlərə aludəçilik). Masa başında oturub bizimlə birlikdə yemək yemək onun üçün çox çətin idi. Eyni şeyləri yeməyi sevir (rutinləşdirmə), eyni hərəkətlər edir, cizgi filmindən öyrəndiyi bir sözü və ya ifadəni gündə bəlkə 500 dəfə təkrarlayırdı (təkrarlanan hərəkətlər, şablonlar).  Danışmır, cavab vermir,  göz təması çox qısamüddətli olurdu (təxmini 5 saniyə). Oyuncaqlarını həmişə eyni yerə və eyni istiqamətdə qoyur, ayaqqabılanı dümdüz eyni sırada yerləşdirirdi.  Cizgi film dili ilə danışır, izlədiyi hər şeyi reallıq zənn edirdi. Ən əsas və hələ də davam edən problemlərimizdən biri də sosial ünsiyyət bacarığıdır. Timur heç kimə yaxınlaşıb onunla ünsiyyət qurmur və parkda uşaqların hamısından uzaq durmağa çalışır. Adətən uşaqlar Timurla oynamaq istəyəndə adını soruşurlar, o isə cavab olaraq sadəcə baxıb gülümsəyir. Buna görə də uşaqlar bir müddət sonra ondan bezib qaçır və başqa uşaqların yanına gedirlər.

Bu isə bir ana kimi mənə ən çox işgəncə verən məqamdır. Çünki, övladım bir çox şeyi bilir, yaddaşında çoxlu söz var, amma onu ifadə etmək qabiliyyətinə malik deyil.  Buna görə də həmişə tək oynayır.

Amma bütün bunlarla yanaşı onu fərqləndirən üstün cəhətlər də var. Timurun bacarığı isə odur ki, eşitmə və görmə yaddaşı bir çox həmyaşıdından daha güclüdür. Məsələn, gördüyü küçəni və eşitdiklərini heç vaxt unutmur. Eyni zamanda Timur hərəkətli öyrənmə qabiliyyətinə malikdir. Məsələn, oyun oynayarkən hər hansı bir şeiri eşidib əzbərləyə bilir. Həmçinin riyazi məntiqi də yüksək inkişaf edib, robotlarla əlaqədar hər şeyi öyrənməyə çalışır. Çox maraq göstərdiyi iki sahə var: robotlar və dinozavrlar. Özü evdə kiçik leqolardan robotlar yığır və onlara adlar verir. Robotik kodlama dərsini də çox sevir və riyaziyat dərsində üzü daha çox gülür.

İlkin diaqnoz nə vaxt qoyuldu?

Timuru 3,5 yaşında uşaq bağçasındakı psixoloq və müəlliminin  məsləhəti ilə xəstəxanaya apardıq. Orada uzun müddətli müşahidələrdən sonra Timura 40% Asperger sindromu diaqnozu qoyuldu. Daha sonra reabilitasiya mərkəzində psixoloqla seanslara başladıq. Amma burada ödənişlər yüksək olduğu üçün psixoloqun da məsləhəti ilə dövlət xəstəxanalarından birində autizm diaqnozuna görə rəsmi  arayış  almaq üçün qeydiyyatdan keçdik. Sonra “Rəhbərlik və Tədqiqat Mərkəzi” -nə gedərək həmin arayış əsasında Timura uyğun reabilitasiya növünü və simptomların hansı səviyyədə olduğunu müəyyənləşdirməsini istədik. “Rəhbərlik və Tədqiqat Mərkəzi” bizi reabilitasiya mərkəzinə yönləndirdi və 2 ildir ki, o mərkəzə gedirik, amma Timurun artıq arayışı olduğu üçün ödənişlər dövlət tərəfindən qarşılanır. Oradakı pedaqoqların bizdən istədiklərini edir və özümüz də çox araşdırırıq.

 Vərdişlərdən necə xilas olaq?

Əgər sizin də Timur kimi hər şeyi vərdişə çevirməyi sevən bir uşağınız varsa, ilk növbədə onu bu vərdişlərindən uzaq tutmağa çalışın.

  • Timurun masa başında eyni yerdə oturmaq vərdişini biz davamlı olaraq onun yerini dəyişməklə tərgitdik. Əvvəl çox narazılıq edirdi, çünki bu cür kiçik dəyişikliklər Aspergerli uşaqlar üçün böyük və hətta faciəvi bir hadisədir. Biz də yemək yerini tamamilə dəyişib mətbəxdən salona keçdik və yeməyimizi qonaq otağında yeməyə başladıq. Bu şəkildə davam edərək hər gün fərqli yerdə yemək yedik. Bununla da artıq eyni yerdə oturmaq kimi bir vərdişi qalmadı.
  • Başqa bir vərdişi isə hər gün eyni sualları verməsi və bizdən də eyni cavabları gözləməsi idi. Bunun üçün özümüzü Timurun verdiyi sualları eşitmirmiş kimi göstərdik, güldük və araya başqa sözlər saldıq. Nəticədə isə bu vərdişini də tərgidə bildik.
  • Timur bildiyi bütün işləri etmək üçün başqasından təlimat gözləyirdi. Məsələn, “əlini və üzünü yu, sonra qurula” bunu bilsə də biz deməsək etmirdi. Bunun üçün əl-üzünü yuduğu və quruladığı zaman şəkillərini çəkdik və onları hamama yapışdırdıq. Nəticədə Timur hamama daxil olduğu zaman şəkillərə baxaraq tədricən əl-üz yumaq vərdişinə də sahib oldu.
  • Timurda yamsılama vərdişi yaranmışdı. Belə ki, parka gedəndə Timur özünə  nümunə bir uşaq seçir və o nə etsə Timur da onu təkrarlayırdı. Bu təqlid etməni özünə bir ünsiyyət yolu olaraq seçmişdi. Bu halda isə biz Timura yaxınlaşaraq ona bəzi ipucuları verirdik: “Timur dostunun adını soruş və öz adını da ona de”. Dediklərimizi edirdi və biz də növbəti mərhələyə keçirdik. Beləliklə də uşaqlar arasında ünsiyyət yaranırdı.
  • Digər zərərli bir vərdişi də o idi ki, üstünə su töküləndə əsəbləşir, kriz keçirir və ağlayırdı. Bir dəfə yenə belə ağlayanda bir ovuc suyu Timurun üstünə atdım. Dəhşətlə mənə baxdı, ondan da mənə eyni şəkildə su atmasını istədim. O da mənə su atdı və beləcə biz bunu əyləncəyə çevirdik. Artıq onun üstünə bir damla su da düşsə heç ağlamır və məni görəndə sulu əllərini üstümə silib islatmağa çalışır. Mən gülürəm o da bunu adi bir şey kimi qəbul edir. Ümumiyyətlə, onun gözündə hər şeyi  adiləşdirməyə çalışırıq. Məsələn,  yeməyi yerə töküləndə əsəbləşir və belə olduqda biz də qəsdən yerə tökürük və eyni səhvi bizdən də görəndə bu onu sakitləşdirir.
  • Timur çarəsiz qaldıqda, özünü ifadə edə bilmədikdə qəribə səslər çıxarır. Bu problemin əsas səbəbi həmin anda ehtiyacı olan sözdən istifadə edə bilməməsidir. Bu vaxt isə biz ona kiçik qaydalar qoyuruq və Timur da bu qaydalara əməl edir. Qaydaların bəziləri bunlardır:
  1. “Səs çıxaran itirir” – səslər artsa əlindəki oyuncağını, qələmini, kitabını, ümumiyyətlə o ən əlində nə varsa onu alırıq, televizor izləyirsə, televizoru söndürürük, telefonla oynayırsa (gün içində televizor və telefonda maksimum keçirilən zaman 30 dəq.) onu əlindən alırıq. “Lazımsız səs əlindəkini itirmək deməkdir”.
  2. “10 dəqiqə qaydası” – Timurdan nə isə almaq istəyəndə ona vaxt veririk. “10 dəqiqə sonra bunu bitir” və tez tez xatırladırıq. Beləcə o bir sonrakı mərhələ üçün hazırlıqlı olur və ani dəyişiklik onu qıcıqlandırmır. Beləliklə həyatındakı hər şeyi tez-tez dəyişirik.

Davamı var…

 

Hekayənin baş qəhrəmanı: Timur

Müəllif: Sunay Merac

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Möhtəşəm şeylərə cəsarət et. 1-ci hissə
Autizmə Mütəxəssis Yanaşması
Müəllimlər tərəfindən “yaradılan” bullinq
"Yaşamaq yanğısı"
"Yaşamaq yanğısı"