Heç bir əngəl özümə olan inamıma əngəl ola bilməz!

Əvvəla bunu qeyd etmək istəyirəmki, insanlar üzərindən əngəlli və ya əngəlsiz olaraq, ayrıseçkilik etməyi müsbət qiymətləndirmirəm. Fiziki qüsurları olan insanlara acıyaraq yaxınlaşmağın və ya zaman-zaman nailiyyətlərinə baxıb, əlilliklərini vurğulayaraq, təriflər yağdırmağın düzgün olmadığını düşünürəm.

Düşünürəm ki, fiziki vəziyyətimizdən asılı olmayaraq, hər birimizin qarşısına müəyyən çətinliklər çıxır. Ümid edirəm ki, bu gün sizinlə paylaşacağım hekayəm sizdə həyatın çətinlikləri qarşısında mübarizə aparmağı və o çətinliklərdə belə müsbət tərəfləri görməyi aşılayacaq.

Mən, Yusifli Şəmşəd Maksim oğlu, 1 noyabr, 1995-ci ildə Ağdaş rayonunda anadan olmuşam. Oksigen çatışmazlığı ilə dünyaya gəldiyim üçün dərhal Mingəçevir şəhərinin doğum evinə köçürülmüşəm. İlk olaraq, mənə həkimlər tərəfindən “hidrosefaliya” diaqnozu qoyulub. “Hidrosefaliya” beyinə su toplanmasıdır. Müalicə nəticəsində bu xəstəliyə qalib gəlsəm də, daha sonra başqa bir xəstəliyim olduğu ortaya çıxdı və ikitərəfli serebral iflic olduğumu dedilər. 3 yaşımda xəstəlik özünü daha ağır səviyyədə göstərməyə başladı. Artıq qollarım, ayaqlarım,bədənim və  üz əzələlərim məndən asılı olmayaraq,yəni qeyri-ixtiyari hərəkət edirdilər. Lakin yuxu zamanı bu hərəkətlər müşahidə olunmurdu. Əzələlərimin gərilməsi həm yuxarı, həm aşağı səviyyədə olur, bəzi əzələlərim isə ümumiyyətlə həddindən artıq boşalırdı. Bu da qeyri-iradi hərəkətlərin meydana çıxmasına səbəb olurdu.

Ancaq, mən bu əngəlləri bir bəhanə olaraq görməyib, özümü hərtərəfli  inkişaf etdirməyə başladım. Öyrənməyə başladığım bilikləri ətrafımdakı insanlara da öyrədirdim.  Başıma gələn mənfi hadisələrə  belə müsbət tərəfdən yanaşır və daha da inamla mübarizə aparırdım.

İlk olaraq, ölkə daxilində dərman müalicəsi və fizioterapiya dərsləri keçdim. Sonra Rusiyanın Volqoqrad şəhərində reabiltasiyada oldum. Ardıyca isə Tula şəhərində 3 dəfə əzələlərimə görə əməliyyat oldum. Azərbaycana qayıtdıqdan sonra da bir müddət müalicə aldım, amma yenə də mübarizə aparmağa davam etdim.

Yeniyetməliyim ilkin vaxtlarında bir neçə dəfə Ukraynanın Krım şəhərinə getdim və orada palçıq vannaları vasitəsilə müalicələr aldım. Krımda olduğum ekskursiyadan bir hissəni də sizinlə bölüşmək istərdim. Krımın Gaspra qəsəbəsində yerləşən bir qala var ki, Rusiyalı memar Leonid Sherwood tərəfindən 1911-1912-ci illərdə 40 m yüksəklikdə tikilmişdir. “Qaranquş yuvası” adlanan bu qala Avrora yamacının üzərində yerləşir. Krımda başqa yerlərə də getdim, Aypetre zirvəsində, Qara Dənizdə oldum. Qara dənizi ən çox delfinlərlə xatırlayıram. Delfinlərin tamaşası zamanı, onlarla birlikdə boya vasitəsilə rəsm çəkmişdik ki, hal-hazırda o rəsmi xatirə olaraq saxlayıram.

Daha sonra Azərbaycanda delfinoterapiyada olmuşam. Delfinoterapiya zamanı delfinlərlə birgə üzürdüm və bu müalicə ən sevimli prosedura çevrilmişdi. Çünki həm üzür, həm də delifinlərlə maraqlı vaxt keçirirdim. Delfin, it və atları çox sevirəm, səbəbi də sevgi və güvən dolu olmalarıdır. Hətta indiyə qədər 3 itim olub. Ümumiyyətlə, təbiətə qarşı çox böyük sevgi bəsləyirəm.

Mövzumuza qayıtmalı olsaq, Krımdan sonra isə Rusiya Federasiyasının tərkibindəki Yoşkar-Ola şəhərində müalicə almışam. Yoşkar-Oladan Azərbaycana qayıdarkən başımıza həyəcan dolu bir hadisə gəlmişdi.  Hava limanına getmək üçün gecə digər şəhərə yola çıxmalı idik və önümüzdə uzun bir yol var idi. Öncə onu bildirmək istərdim ki. Yoşkar-Ola Rusiyanın ən soyuq şəhərlərindən biridir.  Yol təhlükə yaradacaq qədər buzlamış, qar isə yağmaqda davam edirdi. Maşında olan hər kəs düşünürdü ki, yəqin çata bilməyəcəyik. Çünki maşın sürüşür və düzgün irəliləyə bilmirdik. Sonda isə elə bir hal baş verdi ki, məhz yolun sürüşməsi hesabına vaxtında aeroporta çatdıq.

Daha sonra Azərbaycanda yenidən müəyyən reabiltasiya proqramları keçdim. 2011-ci ildən sonra 3 dəfə Çinin Yunçen şəhərində oldum. Burada iynəbatırma kimi fizioterapiya proqramlarında iştirak etdim. Çinlə bağlı isə bu məqamı bölüşmək istərdim ki, Xuanxe çayını görmüşdüm və xatırlayıram ki, yerli əhali bu çayı “Sarı çay” adlandırırdı. Belə adlanmasının səbəbi isə sahilindəki daş, torpağın su ilə qarışaraq, çirkli rəng alması idi. Çində maraq cəlb edən bir məqam da orada Azərbaycandakı kimi dağlara maşın yolları çəkilmirdi, sadəcə piyadalar üçün pilləkənlər düzəldilirdi. Ümumiyyətlə, qeyd etdiyim ölkələrə müalicə üçün getsəm də, həm də onların əhalisi, mədəniyyətləri haqqında fərqli məlumatlar əldə edirdim.

Bütün bunlarla yanaşı, 219 saylı məktəbdə 11 illik ev təhsilimi də uğurla başa vurdum. Bu zamanlar ən sevdiyim fənlər  tarix və coğrafiya idi. Bu fənlərin rəngarəngliyini mənə göstərməyi bacaran və sevdirən Ələsgər müəllimə minnətdarlığımı bildirirəm. Hələ o zamanlardan, əlavə hobbi olaraq, şahmat, rəsm və oriqami ilə məşğul oluram. Hətta, boyalardan, oyun xəmirlərindən və gildən istifadə edərək, sadəcə barmaqlarım vasitəsilə rəsm əsərləri çəkirdim.

Hobbilərim haqqında danışıramsa, gərək maşınlara olan sonsuz marağımı da qeyd edim. Evdə maşın maketləri və jurnallarından ibarət kolleksiyam belə var. Davamlı olaraq, maşınlarla bağlı kinolara baxır, maarifləndirici verlişləri izləyirəm və özümü bu sahədə də inkişaf etdirirəm. Ən böyük arzum isə maşın sürə bilməkdir və bunu mütləq bir gün bacaracağıma inanıram.

Bunu da deyimki, müalicə və təhsil aldığım məkanlarda əvəzolunmaz dostlar qazanmışam. Təbii ki, qazandığım uğurlarda özümə olan inamım və ailəmin dəstəyinin rolu çox böyük olmuşdur. Görürəm ki, ölkəmizdə əlilliyi olan şəxslər üçün müəyyən tədbirlər görülür. İstərdim ki, əlilliyi olan şəxslərin cəmiyyətə qazandırılması yönündə daha effektiv tədbirlər görülsün. Bunun nəticəsində  biz də cəmiyyətə öz töhfəmizi vermiş ola bilərik. Ümumiyyətlə, gündəlik həyatımızda da hər hansı bir məkana gedərkən, bəzi yolların əlil arabasına uyğun olmaması və ya bəzi binalarda liftin olmamasına görə problemlərlə qarşılaşırıq. Təbii ki, fiziki, psixi və ya əqli olmasından asılı olaraq, hər məhdudiyyətin özünə görə müəyyən çətinlikləri var. Mən isə öz qarşıladığım maneələrdən bəzilərini qeyd etdim və ümid edirəm ki, bu çətinliklər də tezliklə öz həllini tapacaq. Eyni zamanda cəmiyyətin də bu mövzulara daha həssas yanaşmasını arzu edirəm.  Ümumiyyətlə, ətrafımızdakı insanların irqindən, cinsindən, dinindən, dilindən, fiziki vəziyyətindən asılı olmayaraq, hər kəsə qarşı bərabərhüquqlu yanaşmasını istərdim.

Hekayənin qəhrəmanı: Şəmşəd Yusifli

Müəllif: İlahə Yusifli

 

 

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Autizmə Mütəxəssis Yanaşması
Müəllimlər tərəfindən “yaradılan” bullinq
"Yaşamaq yanğısı"
Asperger sindromu
"Yaşamaq yanğısı"
Asperger sindromu