Daun sindromlu uşaqlarda yuxu problemi

Bu mövzu niyə vacibdir?

Daun sindromlu uşaqlarda digər yaşıdlarına nisbətən yuxu pozuntularına daha çox rast gəlinir və şübhəsiz ki, bu da bir çox problemin yaranmasına səbəb olur.  Məsələn, gündüz yuxulu olmaq, diqqət çatışmazlığı, hiperaktivlik və.s

 

Statistikalar nə deyir?

Xarici tədqiqatların nəticələri göstərir ki, əgər tipik  inkişafda  olan uşaqların 9% -i yuxuya getməkdə çətinlik çəkirsə Daun sindromlu uşaqlarda bu göstərici 20%-dir. Bundan əlavə Daun sindromlu uşaqların  32%-də gecələr yuxudan oyanma (tipik inkişafda olan uşaqlarda – 10%), 17%-də isə erkən oyanma halı müşahidə olunur (tipik uşaqlar – 6%).

Daun sindromlu uşaqların 73% -nin yuxu zamanı ağız yolu ilə nəfəs aldığı (tipik uşaqlar – 33%), 60% -nin narahat yatdığı (tipik – 26%), 43% -nin isə başlarını geri ataraq yatdığı (tipik – 10%) müəyyən edilmişdir. Daun sindromlu uşaqların 7%-də  isə  hava çatışmazlığı müşahidə olunur (tipik  1%).

 

Yuxu pozuntusunun səbəbləri nədir?

Yuxu problemi ilə bağlı övladınıza kömək edə bilmək üçün ilk növbədə onun səbəbini anlamalısınız. Bunu etmək isə həmişə asan olmur, çünki bu cür problemlərin təməlində 80-dən çox müxtəlif psixoloji və fiziki amillər dayana bilir.

Əsas səbəblər

Birinci səbəb Daun sindromlu insanlara xas olan bəzi anatomik xüsusiyyətlərlə bağlıdır:

  • Alt çənənin hipoplaziyası (toxumanın inkişaf etməməsi);
  • Arxaya sürüşmüş dil;
  • Adenoidlərin böyüməsi;
  • Nəfəs borusunun anadangəlmə daralması;
  • Piylənmə;
  • Faringeal əzələlərin tonusunun azalması və.s

İkinci səbəb həyat tərzinə görə davranış faktorlarıdır:

  • Müəyyən gündəlik rejimin olmaması;
  • Valideynlər tərəfindən təyin edilmiş məhdud sərhədlər və.s

Üçüncü səbəb Daun sindromlu insanların spesifik tibbi problemlərinin yuxu pozuntusu ilə əlaqələnməsidir:

  • Tənəffüs və ürək-damar problemləri;
  • Mədə-bağırsaq traktının xəstəlikləri;
  • Görmə və ya eşitmə itkisi;

Problemi necə müəyyənləşdirək və müalicə zamanı  həkimə necə dəstək olaq?

Bəzən valideynlər çox ciddi hallarda belə mütəxəssisə müraciət etmirlər, çünki yuxu probleminin Daun sindromunun qaçınılmaz əlaməti olduğunu düşünürlər. Lakin bu tamamilə səhv düşüncədir və bu problemin həlli ilə bağlı bir çox faydalı üsullar mövcuddur.

Övladınızın yuxu problemini müəyyən etmək üçün ən yaxşı üsul daimi olaraq  qeydlər aparmaqdır. Məsələn, uşağınız üçün yuxu gündəliyi tutun. Gündəlikdəki qeydləri isə aşağıdakı sadə suallar əsasında tərtib edə bilərsiniz:

  • Uşağı yatırtmaq nə qədər çətindir?
  • Yatmağa necə hazırlaşır və necə yuxuya gedir?
  • Gecə yarısı oyanırmı?
  • Yatanda nəfəs alma problemi olurmu?
  • Səhər oyanmaqla bağlı çətinliklər yaşanırmı?
  • Gün ərzində yuxulu və ya çox yorğun görünürmü?

 

 

Yuxu ilə bağlı davranış problemlərini necə aradan qaldırmaq olar?

Mütəxəssislər yuxu problemini həll etmək üçün ilk addımın yuxu gigiyenasına diqqət yetirmək olduğunu bildirirlər. Bununla bağlı edilən əsas təkliflər:

  • Həftə sonları və tətillər də daxil olmaqla övladınızı hər gün eyni vaxtda yatırtmaq və oyandırmaq;
  • Övladınıza müəyyən bir saata qədər digər ailə üzvlərini narahat etməməli olduğunu öyrətmək;
  • Gecələr oyandıqda yenidən yuxuya gedə bilməsi üçün yaşı, çəkisi və ya sağlamlıq vəziyyəti ilə bağlı ehtiyac olmadığı halda yemək verməyin;
  • Övladınızın yemək yemədən yatmasına şərait yaratmayın;
  • Yatmadan əvvəl tərkibində çox miqdarda kofein olan qidalardan istifadə etməsinə əngəl olun;
  • Övladınızın günorta yuxusuna ehtiyacı varsa bunu günortadan gec olmamaq şərti ilə gündəlik rejimə daxil edin;
  • Yatmadan bir saat əvvəl övladınıza yataq otağında oyun oynamağa icazə verməyin;
  • Uşaq otağının yatmaq zamanında sakit və qaranlıq olduğundan əmin olun. Otağın tempraturu nə çox yüksək nə də çox aşağı olmalıdır. Yataq otağındakı havanın çox quru olmadığından əmin olun;
  • Ona özünü rahat hiss edə biləcəyi bir mühit yaradın. Məsələn, sakit musiqi və ya nağıl;
  • Övladınızın yataq otağı cəza yeri kimi istifadə edilməməlidir. Belə ki, yataq otağı və mənfi duyğular arasında əlaqə qurulan zaman yuxu problemləri yarana bilir;
  • Övladınız normal şəkildə yuxu rejiminə uyğunlaşdıqda onu mükafatlandırın.

Yuxu problemi olan bir uşaqla necə davranmaq lazımdır?

Əgər övladınızın normal yuxu vərdişi yoxdursa bu zaman bir sıra qaydalara əməl etməklə düzgün davranış nümayiş etdirə bilərsiniz. İlk növbədə yuxuya getməyən övladınıza sevdiyi videoları izlətmək, həddindən artıq diqqət göstərmək və xoşladığı qidaları vermək onun yuxuya getməsinə əngəl olan əsas amildir. Çünki, belə olduğu halda yatmadığı üçün “mükafat” aldığını düşünəcək.

 

Daun sindromlu uşaqlarda müşahidə edilən yuxu problemi öz həlli üçün  valideynlərdən və mütəxəssislərdən xüsusi diqqət tələb edir. Çünki, Daun sindromlu uşaqların bilik və bacarıqlara sahib olma qabiliyyəti, onların sağlamlığı və ailəsinin rifahı yuxu rejimindən çox asılıdır.

 

Tərcüməçi: Sura Əzizli

 

Mənbələr:

Fernandez F., O Edgin J. Poor Sleep as a Precursor to Cognitive Decline in Down Syndrome : A Hypothesis / Journal of Alzheimer’s Disease & Parkinsonism. 2013.  Vol. 3, № 2. P. 124.

Stores G., Stores R. Sleep disorders and their clinical significance in children with Down syndrome / Developmental Medicine and Child Neurology. 2013.  Vol. 55, № 2, Р. 126-130

https://downsideup.org/elektronnaya-biblioteka/problemy-sna-u-detey-s-sindromom-dauna/

http://mediasema.ru/news/problemy-sna-u-detej-i-podrostkov-s-sindromom-dauna-i-puti-ih-preodoleniya/

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar
Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!
"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar