Autizm Uğurumuza əngəl deyil!

Haqqında danışacağım hekayənin qəhrəmanı Həsənov Uğurdur. Hal-hazırda 9 yaşı olan Uğurumuz autizm sindromludur. Uğur hələ 4 yaşında olarkən atası rəhmətə gedib. O vaxtdan anası Uğura tək baxırdı. Atası rəhmətə getdikdən sonra anasının sağlamlıq durumunda yaşadığı sarsıntılar və psixoloji travmalar nəticəsində isə anası ona baxa bilmədi. Ana nənəsi və mən, yəni xalası imkanımız daxilində həm maddi, həm mənəvi dayaq olmağa çalışırıq.

Hazırda Uğurun davranışlarında irəliləyişlər olsa da, autizm sindromu bəzən özünü büruzə verir. Təhlükə nədir bilmədikləri üçün bu uşaqları çox yerdə yalnız buraxmaq olmur. Uğur da bizə dəfələrlə qorxu anları yaşadıb. Bir neçə dəfə əlimizdən qaçıb maşın yoluna çıxması həyatımıza ən sarsıdıcı və qorxulu anları qatıb. Tək istəyim təhlükə nədir dərk etməsi və maşın yolunu keçməyi bacarmasıdır.

Qeyd etmək istədiyim bir məqam da, çox təəssüf  ki, bəzi həkimlərimizin səhv diaqnozu nəticəsində uşaqların vəziyyətinin daha da ağırlaşmasıdır. Bu cür hallar bizim də başımıza gəlib. Belə ki, ayrı-ayrı hətta “professor” adı qazanmış həkimlərin qoyduqları epilepsiya diaqnozuna görə Uğuru 4 yaşına qədər yanlış dərmanlarla müalicə etməyə çalışmışdıq. Bunun nəticəsində də autizm sindromunun müalicəsini dəfələrlə geriyə saldıq. Təssüflər olsun ki, daha sonra gürcüstanlı bir həkimin də yazdığı yanlış psixatrop dərmanlar və düzgün olmayan dozanın təsirilə Uğur bir qədər də geri düşdü. Anasının, yəni mənim bacımın bir az savadsızlığı – dərman tərkibini, qəbul qaydalarını oxumaması nəticəsində Uğur 8 yaşına qədər səhv müalicə almış oldu. Artıq uzun illər idi ki Uğur hər gün müxtəlif dərmanlar qəbul edirdi və mən bunun qətiyyən tərəfdarı deyildim. Sonunda Təbrizdə iranlı bir həkim müayinədən sonra düzgün diaqnoz qoyaraq səhv dərmanların qəbulunu dayandırdı. Öz təcrübəmə əsasən, valideynlərin çoxuna məsləhət olaraq deyə bilərəm ki, bu tip dərmanlardan bacardıqca az istifadə etsinlər. Biz də nəticədə bu qədər dərmanın bir fayda vermədiyini anladıq və müəyyən müddət sonra bütün dərmanları dayandırdıq.  Sonra isə Uğurla birlikdə onun inkişafı üçün yeni bir yol seçdik və çox böyük irəliləyiş əldə etdik. Bu yola başladığımız gündən etibarən hər gün 2 saat açıq havada vaxt keçiririk. Ona hər gün başqa uşaqlarla təmas qurmaq, oyunlar oynamağı öyrədirəm. Düzü ilk başlarda çətinliklərimiz də oldu, amma biz hər zaman səbirliydik. Qısa müddət sonra da bu səbrin, bütün cəhdlərimizin xoş nəticələrini görməyə başladıq.

Artıq Uğur sərbəst şəkildə velosiped və skuter sürür, parkda, əyləncə mərkəzlərində digər uşaqlarla oyunlar oynaya bilir. Həm də dərmanlara görə Uğurun çəkisi çox artmışdı, amma bu 2 saatlıq gəzintilərimiz nəticəsində o da normallaşdı.

Ümumilikdə isə autizm sindromu olan uşaqlarla çox ünsiyyət qurmaq, hətta jest və mimikalardan da çox istifadə etmək lazımdır. Mənim Uğuruma da  bunun çox müsbət təsirləri oldu. “Uğur sənə qurban, gəl bunu mənə ver” -deyərək onunla ünsiyyətə başlaya bilirəm və hətta göz təması qurmağı da bu cür öyrətmişəm. Əvvəllər bizimlə qətiyyən göz təması qurmazdı, amma indi o kiçik ünsiyyətlərimiz bizə bunu da qazandırdı.

Məlumdur ki, autizm sindromlu uşaqlar fırlanan əşyalara çox meyillidir və təəssüf ki, Uğurda da belədir. Bütün gün əlində daraq, asılqan kimi əşyaları fırladır və geri almaq istədikdə də əsəbi reaksiya verir. Amma yavaş-yavaş da olsa bunu tərgitməyə çalışırıq. Qısa bir müddət sonra bunun da xoş nəticələrini görəcəyimizə əminəm.

Autizm sindromunda digər əsas məsələ isə düzgün qıdalanmadır. Təəssüf ki, mən də əvvəllər qidaya çox diqqət göstərmirdim və “uşaqdı da nə istəyir yesin” deyirdim. Bunun mənfi təsirlərini anladıqdan sonra çörək və şirniyyatı maksimum qədər azaltmağa başladım. Artıq bizim üçün düzgün qidalanmaq da öncəliklərimizdən birinə çevrilib.

Son olaraq qeyd etmək istəyirəm ki, Uğur artıq 3-cü sinifə gedir və onun oxuduğu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar çoxdur. Eyni zamanda bir şeyi də bildirmək istıyirəm ki, uşaqların bəziləri autizm sindromunu yüngül formada yaşadığı halda digərləri ağır formada yaşaya bilir. Səhv müalicə olmasın deyə, valideynlərdən xahişim, bir deyil, bir neçə həkimə müraciət etmələri və dərmanları araşdırıb daha sonra uşaqlara vermələridir.

Bütün valideynləri  səbrli olmağa, uşaqların  inkişafı üçün atılan hər kiçik addımın mütləq ki, xoş nəticələr verəcəyinə inanmağa çağırıram. Mən hər şeyi sonsuz səbr və inancıma borcluyam və əminəm ki, bu daima bizim Uğur yolumuza işıq salacaq!

 

Hekayənin qəhrəmanı: Uğur Həsənov

Müəllif: Sevda Qəhrəmanova

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar
Onlara kömək edə bilmiriksə onda həyatlarını ağırlaşdırmayaq!
"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar