Autizmə Mütəxəssis Yanaşması

 

Autizm spektri pozuntusu təxminən hər yüz nəfərdən birində öz təsirlərini büruzə verən, fərdlərarası sosial münasibətlər, dil və ünsiyyət bacarıqlarında pozğunluq, yaxud da təkrarlanan hərəkətlər kimi davranış problemlərinin müşahidə edildiyi tədricən inkişaf edən bir sindromdur. Autizm spektri pozuntuları, atipik autizm, asperger sindromu və yayğın inkişaf pozğunluğu (YİP) kimi üç alt qrupda təsnifləndirilir. Ümumiyyətlə, üç yaşından əvvəl özünü büruzə verən autizm simptomlarında diaqnozqoyma mərhələsində uşağın yaşıdları və böyüklərlə olan sosial əlaqə forması, ünsiyyət və nitq-danışıq bacarıqları, o cümlədən maraqlandığı sahələr tədqiq edilir. Aparılmış tədqiqatlar autizmdə genetik təsirlərin ən əhəmiyyətli səbəblərdən biri olduğunu göstərir. Bundan əlavə autizm simptomlarının inkişafında ekrana (planşet, mobil telefon, televizor) məruz qalmanın da rolu böyükdür. Ekrana məruz qalan uşaqlarda ailə və ya dayə ilə ünsiyyət qurmaq çətinləşir, bu vəziyyət simptomların artmasına səbəb olur və uşağın oyunla öyrənmə yaşlarında beyinin inkişafına mənfi yöndə təsir edir.

 

Autizm simptomlu uşaqlarda müşahidə olunan davranış formaları aşağıdakı kimi təsnifləndirilə bilər:

  • Öz ətrafında fırlanmaq;
  • Fırlanan əşyalara maraq (Paltaryuyan maşınını uzun müddət izləmək, oyuncaq maşınları tərs çevirərək təkərlərini fırlatmaq və uzun müddət izləmək, oyuncaqları fırladaraq oynamaq kimi);
  • Təkrarlanan hərəkətlər (Quşun qanad çırpmasına bənzər əl-qol hərəkətləri, yerində irəli-geri yırğalanmaq, davamlı olaraq hoppanıb qışqırmaq kimi);
  • Adı ilə çağrılarkən fikir verməmək;
  • Göz təmasından yayınmaq;
  • Sadə işləri çətinliklə öyrənmək və qısa müddət ərzində unutmaq;
  • Toxunmaq və qucaqlaşmağa qarşı reaksiya vermək;
  • Dəyişikliklərə qarşı həddindən artıq həssas reaksiya (Əşyaların yerinin dəyişməsi, gündəlik proqramda dəyişikliklər kimi);
  • Təlimatları yerinə yetirməmək, özünü eşitməzliyə vurmaq;
  • Səbəbsiz sinir krizləri keçirmək;
  • Barmaqlarının ucunda yerimək;
  • Danışıqları təqlid etmək;
  • Uzun müddət dalaraq, boşluğa baxmaq;
  • Başına vuraraq və əllərini dişləyərək özünə zərər vermək;
  • Gec danışmaq;
  • Bəzi səslərə qarşı həssaslıq;
  • Səbəbsiz qorxu və qayğılar;
  • Həmyaşıdlarına qarşı laqeydlik, dostluq yaratmaqda istəksizlik, təkliyə aludəçilik;
  • Cümlələri dəfələrlə təkrarlamaq;
  • Diqqət çatışmazlığı problemləri.

Yuxarıda verilən əlamətlərin hamısı bütün autizmli uşaqlarda müşahidə edilməyə də bilər, amma autizmli bir uşaqda bunların əksəriyyətinə təsadüf etmək mümkündür. 3-4 klinik simptom bir uşağa autizm diaqnozu qoymaq üçün kifayət deyil. Uşağa autizm diaqnozu yalnız mütəxəssis bir psixiatr tərəfindən qoyulmalıdır.

Autizmli uşağın inkişafını dəstəkləmək üçün:

  • Uşağınızı 3T-dən qoruyun (Planşet, telefon, televizor);
  • Mütləq, uşaq inkişafı üzrə bir mütəxəssisə müraciət edin, buna nə qədər tez başlasanız, bir o qədər çox yol qət edərsiniz;
  • Uzun və çətin bir təlim-tərbiyə proqramı keçəcəyinizi nəzərə alın və əsla təslim olmayın;
  • Uşağın inkişafı üzrə mütəxəssislə əməkdaşlıq edin;
  • Psixiatrın vaxtaşırı müayinələrini də qaçırmayın və sizə verdiyi tövsiyələrə əməl edin;
  • Uşağın yaşıdları ilə vaxt keçirməsini təmin edin (Uşaq bağçası, oyun meydançaları, parklar və s.);
  • Uşağınızın sizə işarələrlə başa salmaq istədiyi heç nəyi anlamağa cəhd etməyin, ondan bunu sözlərlə, danışaraq etməsini istəyin, amma bunun üçün uşağınıza uzun-uzadı təkid də etməyin;
  • Uşağınızla danışarkən göz səviyyəsinə qədər əyilin və onunla göz təması qurmağa çalışın;
  • Birlikdə ətrafı gəzin və gördüklərinizi ona izah edin;
  • Uşağınız səbəbsiz yerə əsəb sarsıntısı və ya kriz keçirdikdə onu qucaqlayın, əlini tutun və onun yanında olduğunuzu hiss etdirin, uşaq o vəziyyətdə ikən onunla inadlaşmayın;
  • Uşağınız üçün bir gündəlik tutun və müşahidə etdiyiniz bütün yenilikləri gündəliyə qeyd edin;
  • Sizinlə və ya həmyaşıdları ilə ünsiyyət yaratmağa cəhd etdikdə “afərin” deyərək, gülümsəyərək, alqışlayaraq onu mükafatlandırın və cəsarətləndirin;
  • Uşağınızla qısa, səlis və aydın cümlələr quraraq danışın;

 

Müəllif: Firdevs Çağlayan

Uşaq İnkişafı və Sosial Xidmətlər üzrə Mütəxəssis

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Müəllimlər tərəfindən “yaradılan” bullinq
"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar
"Yaşamaq yanğısı"
Asperger sindromu
Autizmli məşhurlar