Asperger sindromu

 

Asperger sindromu nədir?

Asperger sindromu, autizm spektr pozuntusu neyroinkişaf problem

lərindən ən yüngül olanıdır. Beyindəki anomaliyalardan qaynaqlanır, lakin bu dəyişikliklərə nəyin səbəb olduğu dəqiq bilinməməkdədir.

Ən tipik əlamətləri sosial bacarıq əksikliyi, tək bir əşya və ya mövzuya aşırı maraq, təkrarlanan rutinlərdir. Asperger sindromunun müalicəsi yoxdur, lakin erkən diaqnoz və müdaxilə uşağın sosial əlaqə qurmasına, potensialını gerçəkləşdirməsinə, iş-peşə sahibi olmasına kömək ola bilər. Asperger sindromu diaqnozu qoyulan fərdlər ümumiyyətlə normal zəkaya (hətta yüksək İQ-yə) sahibdirlər.

 

Asperger sindromunun səbəbləri

Beyindəki dəyişikliklər Asperger sindromunun əlamətlərinin əksəriyyətinə səbəb olur. Lakin elm adamları bu dəyişikliyə nəyin səbəb olduğunu tam müəyyənləşdirə bilməyiblər. Genetik faktorların, viruslar kimi ekoloji toksinlərə məruz qalmanın bu sindromun inkişafına potensial kömək etdiyi düşünülməkdədir. Digər tərəfdən, bu pozuntunun inkişafında peyvəndlərin heç bir təsiri olmadığı sübuta yetirilmişdir.

 

 

Asperger sindromunun əsas əlamətləri:

– Sosiallaşmada, dostluq qurmaqda maraq əksikliyi;

– Dostluq əlaqələri qurma və davam etdirmədə çətinlik;

– Başqalarının düşüncələrini və hisslərini anlamamaq (empatiya qura bilməmək);

– Göz kontaktından yayınmaq və ya çox diqqətli baxmaq;

– Üz ifadələri və mimikadan istifadə edə bilməmək və ya aşırı mimikaların istifadəsi;

– Bədən dilini anlaya bilməmək;

– İnsanlararası sərhədlərə uymamaq, mərhəmət hissinin formalaşmaması;

– Səslərə, toxunuşa, qoxulara, dadlara və ya vizual qıcıqlara (gur işıq və s.) aşırı həssaslıq;

– Rutinlərə düşkünlük;

– Pinqvinlər və ya hər hansı makinənin işləmə mexanizmi kimi sadəcə bir neçə mövzuya

göstərilən obsesif maraq;

– Mizah dilini anlamaqda çətinlik çəkmək;

– Rabitəsiz danışma və ya söhbəti öz maraq dairəsinə istiqamətləndirmə (qarşı tərəf

dinləməsə belə);

– Qarşı tərəfin danışdığı mövzuya köklənə bilməmək;

Bu əlamətlərin bir neçəsinin bir şəxsdə hiss olunması, o şəxsin Asperger sindromlu olmasına əsas vermir. Əlamətlərin əksəriyyətini daşımalıdır. Ümumilikdə körpəlikdən deyil, 4-11 yaş aralığında psixiatr tərəfindən əlamətlər müşahidə edilərək, diaqnoz qoyulmalıdır. Sindromu müəyyənləşdirən hər hansı analiz yoxdur. Davranışlara əsasən sindrom ayırd edilir.

 

 İlkin diaqnozun qoyulması

Asperger sindromu diaqnozuna yönəlik xüsusi testlər yoxdur. Asperger sindromu insandan insana dəyişir və hər yaş dönəmində fərqli şəkildə özünü göstərdiyi üçün diaqnoz qoymaq çətindir. Hətta yanlış diaqnoz qoyulma riski də vardır. Belə ehtimallar olduqda bir neçə psixiatra müraciət edərək diqanoz mütləq dəqiqləşdirilməlidir.

 

Təhsil, təlim

Asperger sindromlu uşaqlar, məktəbin ilk illərində tətbiq olunan əzbərçilik texnikasında son dərəcədə uğurlu ola bilərlər. Yaş artdıqca, təhsil səviyyəsi ilə ayaqlaşmaqda, oxuduqlarını anlayıb, tapşırıq işləməkdə çətinlik yaşaya bilərlər. Bəzi durumlar xaricində xüsusi təhsilə yönləndirilmələrinə ehtiyac yoxdur.

Asperger sindromlu uşaqlar müəllim-terapist-valideyn əməkdaşlığı ilə normal məktəblərdə təhsilinə davam edə bilər. Hal-hazırda bu sahədə uzman psixiatr- psixoloqların çoxu asperger sindromunun özünə xas müsbət yönlərini vurğulamaqdadır:

– Detallara köklənmə bacarığı;

– Başqalarının fikirləri onları öz maraq dairəsindən yayındırmır;

– Müstəqil işləyə bilmək;

– Başqalarının diqqətindən yayına biləcək durumları izləyə bilmək;

– Xüsusi bir düşüncə tərzinə sahib olmaq;

 

Asperger sindromu ilə autizm arasındakı fərqlər

– Asperger sindromu ümumiyyətlə 4-11 yaş arasında müəyyənləşir. Lakin autizm həyatın ilk 3 ilində ortaya çıxır.

– Asperger sindromlu uşağın nitq inkişafı normaldır. Autizmlilərdə nitq geriliyi müşahidə olunur.

– Asperger sindromlular yaşa dolduqca özlərindəki fərqi hiss edirlər ,autizmlilər isə yox.

Fərqli olduqlarını anlamaqlarının müsbət tərəfi doğru yanaşma ilə öyrənə bilmələri, müəyyən həddə qədər əməkdaşlığa sövq etməyin mümkünlüyüdür. Mənfi tərəfi isə ətraf mühitdən dəstək almadıqda ruh düşkünlüyü, kriz riskinin, depressiyaya düşmə hallarının artmasıdır.

 

Asperger sindromu və zəka

Asperger sindromlu uşaqların zəka səviyyəsi normaldır, hətta İQ səviyyəsinin yüksək olduğu müşahidə edilmişdir. Obsesif maraq sahələri və müəyyən mövzularda detallı məlumatların olması səbəbilə Asperger sindromlu uşaqlara “balaca alim” də deyirlər.

 

Asperger sindromlu övladı olan ailələrə tövsiyyələr

– Övladınıza sosial mühitlərə daxil ola bilməsi üçün sadə ipucları verin.

– Uşağınızı digər yaşıdlarının nə etdiyinə baxmağa təşviq edin. Bu təşviq lazımlı sosial

anlayışa sahib olmasa da, davranışları kopyalayaraq bəlli situasiyalarda necə istifadə

etməli olduqlarına dair təcrübələr qazandıracaq. (Yaşa dolmuş və həyatda uğur qazanmış

Asperger sindromlu fərdlər bu metodun çox işə yaradığını bildirirlər).

– Göz təmasının önəmini vurğulayın, amma məcbur etməyin. Evdə nələrsə edə biləcəyinizə

dair mütəxəssis rəyi alın.

– Hər nə qədər empatiya qurmaqda çətinlik çəksələr də hiss və düşüncələrinizi onunla

bölüşün. Duyğularınızı adlandırın.

– Metafora və dəyişik danışıq ifadələrini öyrədin. Məsələn, “sevincimdən ağlayıram”

ifadəsi onun üçün çox qarışıq gələ bilər. Amma anlatmağa davam edin, yavaş-yavaş da

olsa öyrənirlər.

– Uşağın fikirləri xaos halına gəldiyində və ya tələb olunanı həmin an anlamadığında bunu

qarşı tərəfə bildirə bilmədiyi üçün krizə girmə riski ilə üz-üzə qalır. Bu riski önləmək üçün durumunu izah edəcək yadda qalan ifadələri öyrədin. Məsələn, “nə olduğunu anlamıram”, “nə edəcəyimi bilmirəm” ifadələri bizim üçün sadə görünsə də Asperger sindromlu fərd üçün həyati əhəmiyyət daşıyır.

Aspergerli mühəndis, yazar, professor olan Dr. Temple Qrandin sindromun simptomlarını avantaja çevirə bilənlərə birbaşa örnəkdir. (Autizmli məşhurlar )

Müəllif: Nailə Həsənzadə

 

İstinad: Amerika Pediatriya Akademiyası

Paylaş

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on telegram
Telegram
Share on whatsapp
WhatsApp
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Digər bloglar

Autizmə Mütəxəssis Yanaşması
Müəllimlər tərəfindən “yaradılan” bullinq
"Yaşamaq yanğısı"
Autizmli məşhurlar
"Yaşamaq yanğısı"
Autizmli məşhurlar